Xəbər Lenti
Baxış Sayı: 528

Amerikalı jurnalistlər də Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədilər

Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərinin yaşayış məntəqələrini qadağan edilmiş kaset döyüş sursatları ilə atəşə tutub.

Virtualaz.org bildirir ki, bu barədə Amerika nəşri "VICE News" məlumat yayıb.

Nəşrin jurnalistləri oktyabrın 28-də baş vermis hücumdan bir neçə saat sonra araşdırma aparıblar və “Smerç” raketindən atılmış döyüş sursatlarının qalıqlarını aşkarlayıblar.

“Amnesty International”ın hərbi eksperti Brayan Kastner və Avropa Birliyinin keçmiş hərbi müşaviri Mark Qarlasko təsdiq ediblər ki, döyüş sursatları "Smerç"dən buraxılıb.

Azərbaycan rəsmilərinin məlumatına əsasən, xəstəxana və yaşayış evlərinin həyətlərinə düşən raket mərmiləri 21 nəfərin həyatına son qoyub. Bu, ötən aydan Dağlıq Qarabağda döyüşlərin yenidən başlamasından sonra ən çox mülki şəxsin ölümü ilə nəticələnən hücumdur. Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər burada mülki geyimlərdə olan və partlayış xəsarətləri almış 12 nəfərin meyitini müşahidə ediblər.

Böhran üzrə böyük məsləhətçi Brayn Kasner xatırladıb ki, "Amnesty International"ın mütəxəssisləri də 28 oktyabrda Azərbaycanın Bərdə şəhərinin mərkəzindəki yaşayış məhəlləsinə Rusiya istehsalı olan 9N235 kasetli raketlə zərbə endirildiyini təsdiq ediblər.